Rəhbərlik (nazir, müavinlər)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Rəhbərlik (nazir, müavinlər)

Şirəliyev Oqtay Kazım oğlu

 

1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1967-1973-ci illər N.Nərimanov  adına Azərbaycan Dövlət Tibb  Institutunu  “müalicə işi” ixtisası üzrə bitirmişdir.

1974-cü ildə Bakı şəhəri  AR Daxili İşlər Nazirliyinin Hospitalında  cərrah, 1977-ci ildə Moskva həkimləri Təkmilləşdirmə İnstitunun cərrahlıq üzrə kliniki ordinaturasına, 1978-ci ildə  1 Moskva Tibb İnstitutunun aspiranturasına daxil olmuşdur. 1981-ci ildə elmlər namizədi dissertasiyasını müdafiə etmişdir. 1981-ci ildən Rentgenologiya, radiologiya və onkologiya ETİ-də böyük elmi işçi, 1982-ci ildə Respublika endoskopiya Mərkəzinin rəhbəri, 1983-1988-ci illərdə AR Səhiyyə Nazirliyinin Elmi şöbəsinin rəisi olmuşdur. 1988-ci  ildə Respublika Diaqnostika Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur.

1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyası müdafiə edərək SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının  qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini almışdır.

2003-cü ildə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi  adı almışdır.

Eyni zamanda 1991-2005-ci illər ərzində Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır.

2005-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Səhiyyə Naziri təyin olunmuşdur.

2005-2008-ci illər üzrə Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin üzvü, 2007-2008-ci illər ÜSTİK-nin vitse-prezidenti vəzifəsini icra etmişdir. 2009-2012-ci illər üçün ÜST Avropa Regionu Daimi Komitəsinin üzvü seçilmişdir.

100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 13 ixtira və səmərələşdirici təkliflərin müəllifidir.

2015-ci il avqust ayının 12-də Səhiyyənin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür

 

  

 

Əliyeva Nigar Ramiz qızı

 

1969-cu ildə Bakı şəhərində anadan olub.

1976-1986-cı illərdə Bakı şəhəri 46 nömrəli orta məktəbdə təhsil almışdır.

1986-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun “müalicə işi” fakültəsinə qəbul olunmuş və 1992-ci ildə bitirmişdir.

1992-1993-cü illərdə Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasında “terapiya” ixtisası üzrə internatura keçmişdir.

1993-cü ildən Respublika Diaqnostika Mərkəzində həkim fəaliyyətinə başlamış və həmin müəssisədə 2006-cı ilədək həkim-terapevt vəzifəsində çalışmışdır.

2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ümumi şöbənin müdiri vəzifəsinə təyin edilmişdir.

2009-cu ildən bu günə kimi Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsində çalışır.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” proqramı üzrə ixtisasartırma kursu keçmişdir.

2013-cü ildə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.

2016-cı ildə Əməkdar həkim fəxri adı ilə təltif edilmişdir. 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

 

 

Ağayev Elsevər Məmməd oğlu

 

1965-ci il Naxçıvan Muxtar Respublikasında anadan olub.

1983-1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1988-ci ildə institutun dərman formalarının texnologiyası kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlayıb.

1990-cı ildə Səhiyyə Nazirliyinin “Farmokologiya və xalq təbabəti” elm - istehsalat birliyində mütəxəssis, 1990-1993-cü illərdə Sankt Peterburq Kimya-Əczaçılıq Akademiyasında məqsədli aspiranturanı bitirib əczaçılıq elmləri namizədi elmi dərəcəsini alıb geri qayıtdıqdan sonra baş mütəxəssis, şöbə müdiri işləmişdir. 1996-cı ildə həmin birliyin baş direktoru təyin olunmuşdur.

1997-cü ildə Səhiyyə Nazirliyinin “Dərman və Tibbi Texnika” İTB-nin baş direktoru, SN-nin “Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru vəzifəsinə təyin olunmuşdur.

1999-cu ildən il AR Səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. 

2007-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Əczaçılıq kafedrasının müdiridir. 

SN-nin Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədridir. 

2013-cü ildə Tərəqqi medalı ilə təltif edilmişdir. 

1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, Partiyanın Nəsimi rayon təşkilatının sədr müavinidir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..