
Daxil
olmuş suallar [1 mart - 17 aprel]
6 mart [08:52] [Anonim]
Salam cənab nazir! Məni maraqlandıran pullu tibbi xidmət göstərən xəstəxanalardır. Kaspar xəstəxanasına gedərkən, qəbul şöbəsində «bura özəl xəstəxanadır, qəbz alın” deyirlər (4 manat). Bura həkimə veriləcək pul daxil deyil - həkimin hörmətini yenə də etmək lazımdır. Mümkünsə, mən bilmək istərdim ki, Kaspar xəstəxanası özəldirmi? Özəldirsə, bu qəbzə həkimin də pulu aid deyilmi? Sağ olun. cavab: Mərkəzi Dənizçilər Xəstəxanası Səhiyyə Nazirliyinin tabeliyində deyil. O, özəl də deyil, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin tibb müəssisəsidir.  7 mart [14:06] Vətəndaş, Bakı
Hörmətli cənab nazir! Sizin apardığınız islahatları ürəkdən bəyənirik. Hörmətlə, Azərbaycan vətəndaşı.
cavab: Bizim çalışdığımız da elə odur ki, səhiyyəmizi Azərbaycan vətəndaşlarının ürəyincə olan bir səviyyəyə gətirək. Bu yolda artıq xeyli iş görsək də, hələ görməli olduqlarımız bundan qat-qat çoxdur. Amma inanırıq ki, bütün problemləri sizlərin dəstəyi ilə, əl-ələ verib həll edəcəyik, inşallah!
Digər sual ilə tanış olmaq üçün 30 mart [11:29] sualına baxın. Baxmaq üçün bura vurun.  7 mart [17:54] [Ad gizli saxlanılır], Qax rayonu
Hörmətli nazir! Mən ATU-nu yeni bitirmişəm. Bilmək istərdim ki, başqa ölkələrdə olduğu kimi, bizdə də pensiya yaşına çatan həkimləri işdən azad edib, cavan kadrları vakant iş yerləri ilə nə zaman təmin edəcəksiniz?
 8 mart [00:17] Qədirov Şahyar, Sumqayıt
Hörmətli Nazir. mən Sizə belə bir sualla müraciət etmişəm.
Mənim oğlum ali savadlı diş həkimidir.Hal hazırda fərdi şəkildə işləmək üçün lisenziyanın düvlət rüsümünün məbləğini bilmək istəyirəm. Lakin Sizin işçilər mənə elə bir məktub cavabı veriblər ki. mən o faylı aça bilmədim və bunun üçün kimsədən xahiş etmədim və fikrində də deyiləm.Məgər məktubun cavabını açıq yazmaq belə qorxulu və yaxud mümkün deyil? Ümidvaram ki bu dəfə mənə verilən cavabı heç bir fayldan istifadə etmədən oxuya biləcəyəm.
cavab: Lisenziya üçün dövlət rüsumu həqiqətən də 5500 AZN-dir. Rüsumun miqdarını Səhiyyə Nazirliyi təklif etməyib. Ümumiyyətlə, bunun müəyyənləşdirilməsi bizim səlahiyyətimizdə deyil, Nazirlər Kabinetinin səlahiyyətindədir. Dövlət müəssisələrində işləmək üçün, təbii ki, rüsum ödəmək lazım deyil.
Təyinat da dövlət müəssisələrinə verilir. Odur ki, sənətinizlə vidalaşmaq lazım gəlməyəcək.
Digər suallar ilə tanış olmaq üçün 14 mart [02:52] və 8 mart [01:05] suallarına baxın. Birinci suala baxmaq üçün bura vurun. İkinci suala baxmaq üçün bura vurun.  8 mart [01:05] [Anonim]
Cənab nazir! Əvvəlcə sizi salamlayır və əhaliyə göstərdiyiniz diqqətə görə, minnətdarlığımızı bildiririk. Cənab nazir, mən Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinin 4-cü kurs tələbəsiyəm. Eşitdiyimə görə, stomatoloji kabinetlərin özəl istifadəsi üçün lisenziya 5500 AZN-dir. Bu realdırmı? Əgər realdırsa, biz gərək sənətimizlə vidalaşaq.
 10 mart [13:00] Həsənov Novruz, Mingəçevir
Salam hörmətli nazir! Respublikada Telemedisina üzrə cəmi bir mütəxəssisin olduğunu nəzərə alaraq, onun köməyindən istifadə etmək istərdinizmi? Əgər istəsəniz, sizə uyğun zaman kəsiyində sizinlə görüşməyə və kömək etməyə hazıram. Tibb elmləri namizədi Novruz Həsənov.
cavab: Bu məsələ ilə bağlı Nazirliyin Kadrlar şöbəsinə müraciət edin.  10 mart [20:15] Mehdiyev Xəyal, Bakı
Hörmətli Oqtay müəllim!
Səhiyyə sistemində apardığınız islahatlara görə sizə təşəkkür edirəm. Xüsusən də Bakı ətrafı kəndlərdə və rayonlarımızda yeni-yeni istifadəyə verilən «tibbi və diaqnostik mərkəz»lər insanı valeh edir. Çox sağ olun.
Cənab nazir! Bakı şəhərinin rayonlarında da tibb idarələri bir-birinə yaxın məsafədə yerləşir və ya istifadəyə yararsızdır. Məgər vaxtı deyilmi ki, onlar da təmir edilsin və bir «tibbi mərkəz» kimi birləşdirilsin? Yəni uşaq anadan olandan yaşlaşıb ölənə qədər bir tibbi müəssisənin nəzarətində olarsa, daha yaxşı olmazmı? Daha dəqiq desək, sizin fikirlərinizi Bakı şəhərində də həyata keçirsəniz, biz bunu alqışlayarıq. Əvvəlcədən təşəkkür edirik.
cavab: Xoş sözlərə görə çox sağ olun. Bu məsələlərlə bağlı xüsusi proqram hazırlanıb və təkliflər Nazirlər Kabinetinə təqdim olunub. Orada o cümlədən bu məsələlərə də toxunulur. Sığorta əsasında bu problemlər həll olunacaq.  14 mart [02:52] Elxan, Bakı
Salam cənab nazir. Həkim stomatoloqun fərdi şəkildə işləməsi üçün tələb olunan lisenziyanın dövlət rüsumunun 5500 AZN olması çox bahadır və məncə həkimin indiki maaşı ilə tərs mütənasibdir. Bir çox həkimlərdə bu qiymətdən narazıdırlar. Cənab nazir lisenziya üçün dovlət rüsumunun qiymətinin aşağı salinması mümkündürmü. Mən özüm hal-hazırda həkim internəm və istərdim ki, 5 ildən sonra fərdi şəkildə işləyim. İndiki qiymətlə mən bunu mümkünsüz sayıram. Sag olun.Salam cənab nazir! Həkim-stomatoloqların fərdi şəkildə işləməsi üçün tələb olunan lisenziyanın dövlət rüsumunun 5500 AZN olması çox bahadır və məncə, həkimin indiki maaşı ilə tərs mütənasibdir. Bir çox həkimlər də bu qiymətdən narazıdırlar. Cənab nazir! Lisenziya üçün dövlət rüsumunun qiymətinin aşağı salınması mümkündürmü? Mən özüm hal-hazırda həkim-internəm və istərdim ki, 5 ildən sonra fərdi şəkildə işləyim. İndiki qiymətlə mən bunu mümkünsüz sayıram. Sağ olun.
 14 mart [17:01] Nüşabə, Gəncə
Gəncədə saxta dərmanların siyahısını apteklərə vurmağa hansı idarə cavabdehdir? Əvvəlcədən sağ olun.
cavab: Əslində, aptekdə saxta dərmanların siyahısının asılmasına cavabdeh müəyyənləşdirilməyib, çünki aptekdə ümumiyyətlə saxta dərman satılmamalıdır. Yəni apteklər özləri satdıqları dərmanları o siyahılarla yoxlamalı, saxta və keyfiyyətsiz olduğu aşkar edilmiş preparatları satışdan çıxarmalıdır.
Təəssüf ki, bu, bir qədər sadəlövh səslənir. Ona görə hesab edirəm ki, yaxşı təklifdir. Gəncə şəhər Səhiyyə İdarəsinə tapşırıq verərik ki, onu həyata keçirsin.  14 mart [21:55] [Ad gizli saxlanılır], Bakı
Salam, hörmətli nazir!
Mən Türkiyədə İnvaziv kardiologiya (Koronar andioqrafiya və angioplastika) üzrə ixtisaslaşmışam. Azərbaycanda bu ixtisas üzrə çalışa bilərəmmi? Eşitmişəm ki, Klinik Tibbi Mərkəzdə İnvaziv kardiologiya bölümü açılacaq. Sayqılarımla.
cavab: Əlbəttə, çalışa bilərsiniz. Yaxşı mütəxəssislərə həmişə ehtiyac var. Klinik Tibbi Mərkəzdə indi yenidənqurma işləri gedir, belə bir şöbə də açılacaq. Siz ora müraciət edin.  16 mart [02:23] [Ad gizli saxlanılır], Almaniya, Hannover
Çox hörmətli nazir!
Fevralın 18-də yazdığım məktuba qismən cavab tapdığıma görə sizə təşəkkürümü bildirirəm. Amma sualımın mənə qaranlıq qalan hissəsinə də aydınlıq gətirməyinizi xahiş edirəm. Bakıda və respublikanın rayonlarında baş həkim təyin etdiyiniz mütəxəssislərin iş qabiliyyətini və bir mütəxəssis kimi nəyə qadir olub-olmamasını necə təyin edə bilərsiniz? Deməli, belə çıxır ki, yenə yaxşı tanışlıq və ya sairə qabiliyyətə malik olan şəxslər baş həkim ola bilər? Qabaqcadan təşəkkürümü bildirirəm.
cavab: Mütəxəssisin tərcümeyi-halı, həyat yolu, fəaliyyəti, ictimaiyyət arasında qazandığı ad-sanı, xəstələrinin yanında və işlədiyi kollektivdə hörməti imkan verir ki, onun iş qabiliyyəti və nəyə qadir olub-olmaması barədə bir qənaətə gələk.  22 mart [10:59] [Anonim]
Hörmətli nazir! Hamıya məlumdur ki, siz çox təmiz və işgüzar bir insansınız. Sizin xəbəriniz varmı, baş həkimlərin əksəriyyəti yuxarı verilir adı ilə köhnə qaydada hər ay həkimlərdən rüşvət yığırlar? Konkret olaraq təcili yardım stansiyalarının müdirləri. Ümid edirəm ki, bu məlumatla maraqlanıb tədbir görərsiniz. Sual mənəviyyatımıza zidd olduğu üçün əvvəlcədən üzr istəyirəm. Çox sağ olun.
cavab: Bu yaxınlarda təcili yardım xidmətində rəhbərlik dəyişib.
İndi orada struktur dəyişiklikləri baş verir, kadr islahatları aparılır. Haqqında danışılan məsələ, yəni “fond pulu” yığılması məsələsinə gəlincə, təcili yardımın rəhbərliyinə tapşırılacaq ki, bunu nəzarətə götürsün. Konkret faktları desəydiniz, bunun əsasında tədbir görmək mümkün olardı.
O ki qaldı “yuxarı vermək” məsələsinə, mən dəfələrlə demişəm, yenə də bəyan edirəm ki, bu, yalan söhbətdir. Həkimlərdən də xahiş edirəm ki, baş həkimlərə heç nə verməsinlər və bilsinlər ki, onlardan heç biri yuxarı heç nə “ötürmür”.
Digər sual ilə tanış olmaq üçün 22 mart [11:57] sualına baxın. Baxmaq üçün bura vurun.  22 mart [11:57] [Anonim]
Hörmətli nazir! Bilirsinizmi ki, Bakıda fəaliyyət göstərən 22 köməkçi təcili yardım stansiyasının müdirlərindən 17-si İnsanov vaxtı qoyulmuş «yerazlardır»? Onlar köhnədən qalmış qaydalarla işləyib, həkimlərdən rüşvət və «fond» adı ilə külli miqdarda pul yığırlar.
 23 mart [22:55] [Anonim]
Salam, hörmətli nazir! Mən ATU-nu «funksional diaqnostika» ixtisası üzrə bitirmişəm. Lakin maddi imkanım yol vermədiyi üçün mən «laborator diaqnostika» ixtisası üzrə fəaliyyət göstərirəm. Mənim USM aparatı almağım üçün hansı imkanlar mövcuddur? Sağ olun!
cavab: “Tibb qəzeti”də elanları izləyin. Ultrasəs müayinəsi üzrə harada vakant yer olsa, ora müraciət edin.  28 mart [19:26] [Ad gizli saxlanılır], Bakı
Mən nevropatoloqam. RKX-də bir ilə yaxındır ki işləyirəm. İşimdən narazı deyiləm. Ancaq bu imtiyazlı xəstələr üzündən yaxşı inkişaf edə bilmirəm (xəstəliyin sağalması üçün lazım olan dərmanları yaza bilmirəm, bazada nə varsa, ancaq onu yazıram, xəstənin də özünün almağa imkanı olmur). Sizcə, cavan kadr üçün bu cür işləmək onun geridə qalması demək deyilmi? Sözün qısası, hörmətli nazir! Mən 1-2 ay xarici ölkələrin birində kurs keçmək istərdim. Bunun üçün nə etmək lazımdır?
cavab: Biz mütəxəssisləri ixtisas artırmaq və təcrübə mübadiləsi üçün daim xarici ölkələrə göndəririk. Bunun üçün yeganə şərt xarici dil bilməkdir. Əgər bu sizin üçün maneə deyilsə, sənədlərinizi nazirliyin kadrlar şöbəsinə təqdim edə bilərsiniz. Ümumiyyətlə götürdükdə isə, “imtiyazlı xəstələr üzündən inkişaf edə bilmirəm” demək sadəcə bəhanədir. Yaxşı həkim olmaq istəyən kəs xəstəsinin kimliyindən asılı olmayaraq öz üzərində çalışar və geridə qalmaz.  29 mart [19:13] [Ad gizli saxlanılır],
Salam, hörmətli nazir! Neftçala Mərkəzi Rayon Xəstəxanasında artıq ikinci ildir işığa qənaət kompaniyasına başlanılıb. Gün ərzində 4 saat «fasilələrlə» işıq verilir. Yoluxucu xəstəliklərin geniş yayıldığı zamanda sterilizasiyaya imkan yoxdur. Zahidov Telman qənaətin səbəbini ayrılan illik limitin tükənməsi ilə izah edir.
Cənab nazir, nə vaxtacan biz həkimlər və yardıma ehtiyacı olan insanlar bu problemlərə, stresslərə dözməliyik? Biz həkimlərin xalqa layiqli xidmət göstərməsi üçün sizin hökmlü dəstəyinizə ehtiyacımız var.
Hörmətlə, həkimlər.
cavab: Səhiyyə sahəsində kommunal xərclərin ödənilməsinə dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Rayonlarda, konkret olaraq Neftçalada o pullar yerli büdcədən ayrılır. Sizin baş həkim İcra Hakimiyyəti və yerli maliyyə strukturları ilə bu məsələni həll etməli, onlardan tələb etməlidir.  29 mart [21:05] Sərxan Həsənov, Şəki
Oqtay müəllim, salam. Mən Tibb Universitetinin 5-ci kurs, 41-ci qrup tələbəsiyəm. Ginekoloq olmaq istəyirəm. Həkimliyi bunun üçün seçmişəm. Cərrahiyyəyə düşə bilmirəm, düşə bilsəm də, dekanımızın dediyinə görə, ginekoloq ixtisası verilmir. Bəs mən nə edim? Əlim heç yerə çatmır. Sizdən kömək gözləyirəm. Xahiş edirəm, kömək edin. Buna çox ehtiyacım var. Sağ olun.
cavab: Düzdür, neçə vaxtdır ki, xeyli sayda işsiz mama-ginekoloqun olması səbəbindən bu ixtisasın verilməsi dayandırılmışdı. Amma bu ixtisas həkimlərinin uzun müddət hazırlanmaması da düzgün deyil. Odur ki, biz gələn ildən mama-ginekoloq ixtisasının hazırlanmasını yenidən bərpa etməyi düşünürük. Onu da deyim ki, bir sıra ucqar rayonlarda mama-ginekoloq çatışmır. Buna görə orada işləyən həkimlərə 6 aylıq kurs keçərək, ixtisaslarını dəyişdirmək imkanı verən əmr var. Əgər həqiqətən də məhz bu ixtisası istəyirsinizsə, o rayonlara getmək sizin üçün bir fürsətdir.  30 mart [11:29] Həsənova Lalə, Gəncə, Gülüstan
Hörmətli Oqtay müəllim!
Sizə can sağlığı, uzun ömür və işlərinizdə müvəffəqiyyətlər arzu edirəm. Çünki sizin nailiyyətləriniz ümumiyyətlə səhiyyəmizin və xalqımızın nailiyyətidir. Bir ay əvvəl işlə təmin olunmağım barədə məktub ilə müraciət etmişdim. Yazıb bildirmək istəyirəm ki, artıq mən işlə təmin olunmuşam. Hələ yaxın keçmişdə mənə “yumru məbləğə” başa gələcək işlə təmin olunma, bu gün mənə sizin və Gəncə şəhər Səhiyyə İdarəsinin müdiri Mehman müəllimin sayəsində rüşvətsiz başa gəldi. Buna görə həm sizə, həm də Mehman müəllimə öz dərin təşəkkürümü bildirirəm və səhiyyəmizin parlaq və rüşvətsiz gələcəyinə inanıram.
 4 aprel [22:26] [Anonim]
Əli Bayramlı şəhər Mərkəzi xəstəxanasının infeksion şöbəsinin təmir durumu çox ağırdır. Divarlardakı çatlar, sıradan çıxmış döşəmələr, istifadə olunan çarpayıların yararsız vəziyyəti, santexnikanın normal işləməməsi bizi xəstələrimizi bu şöbədə müalicə etdirməyib, Bakı şəhərinə aparmaq məcburiyyətində qoyur. Bu şöbə artıq infeksion xəstəliklərin müalicəsinə deyil, yayılmasına xidmət edir. Təcili tədbirlər görülməzsə, yoluxucu xəstəliklərin artdığı bir dövrdə yaranan hər hansı bir problemin qarşısını almaq çətin olacaq. Müdiriyyət bu işlə məşğul olmaq istəmir. Bu işlə kim məşğul olmalıdır?
cavab: Siz tamamilə düz deyirsiniz. Əli Bayramlı şəhər Mərkəzi xəstəxanasında vəziyyət doğrudan da acınacaqlıdır. Elə buna görə də bu il orada təmirə başlamağı planlaşdırırıq. Ola bilsin ki, bu işlər ilk növbədə elə həmin infeksion şöbədən başlansın.  17 aprel [13:33] [Ad gizli saxlanılır], Ağstafa
Cənab nazir!
Bilmək istəyirəm ki, səhiyyədə nə vaxt islahat olacaq? Nə vaxt 60-70 yaşlı həkimlər və tibb bacıları işdən uzaqlaşacaqlar? Çünki onlar öz kaprizləri ilə həm işçiləri, həm də xəstələri bezdiriblər. Gözü görməyən adam nə iynə vuracaq? Bu səhiyyənin ən yaralı yeridir. Əvvəlcədən öz təşəkkürümü bildirirəm.
cavab: Əmək Məcəlləsində konkret olaraq işçilərin yaş həddi göstərilmir. Bizdə elə bir qayda, ya təlimat da yoxdur ki, təqaüd yaşına çatanlar məcburi surətdə işdən azad olunmalıdırlar. Təqaüd yaşına çatanların işdən çıxmaq hüququ da var, işdə qalıb işləmək hüququ da. Amma işini bacarmayanlar, sağlamlıq nöqteyi-nəzərindən işinin öhdəsindən gələ bilməyənlər də var. Onlar, əlbəttə ki, öz funksiyalarını yerinə yetirə bilməməkləri səbəbindən işdən kənar edilməlidir. Bu, baş həkimin və həmkarlar komitəsinin işidir.
Digər sual ilə tanış olmaq üçün 7 mart [17:54] sualına baxın. Baxmaq üçün bura vurun.  17 aprel [14:19] A.Y.Əliyeva, HVA AMK Gəncə şöbəsi
Cənab nazir!
HVA AMK Gəncə şöbəsinə şəhər vətəndaşlarından daxil olan yazılı və şifahi məlumatlarda qeyd olunur ki, Gəncə səhiyyə ocaqlarının həkimləri xəstəyə baxarkən qeydiyyata almır, anket açmır və resept yazanda isə həkim nə adını, nə soyadını, nə də ki, işlədiyi səhiyyə ocağının adını, reseptin yazılma tarixini göstərmir və reseptin sonunda isə möhür vurmurlar. Beləliklə də, əhalinin əlində kim tərəfindən yazılması və hansı səhiyyə ocağına aid olması bilinməyən reseptlər vardır. Apteklərdə isə bu reseptlərin əsasında dərman satılır.
Xəstələrin xəstəliyi isə qeydiyyata alınmır, apteklərə qeyd olunmur. Əhali ərazi üzrə hansı səhiyyə ocağına təhkim olunmasını belə bilmir.
Xahiş edirəm ki, «İnformasiya əldə etmək haqqında AR Qanununu rəhbər tutaraq sorğumuza cavab olaraq bunun səbəbini bizə yazılı surətdə verəsiniz.
Aşağıdakı sorğu ilə əlaqədar Gəncə səhiyyə idarəsinə müraciət etmişəm. Lakin Sizin rəhbərlik etdiyiniz nazirliyin lisenziyalaşma sektoruna, müdir Tağıyevə müraciət etməyimiz bildirilir.
Azərbaycan Respublikasının «İnformasiya əldə etmək haqqında» Qanununa əsasən aşağıdakı məlumatların mənə verilməsini xahiş edirəm.
1.Gəncə şəhər 20 Yanvar küçəsi 52-də yerləşən DNK tibb laboratoriyası hansı əsaslarla işləyir? (dövlət, özəl və s.) Bunu təsdiq edən müvafiq qaydada təsdiqlənmiş sənədin surəti
2.Həmin laboratoriyada qiymət tariflərinin müvafiq qaydada təsdiqlənmiş siyahısının surəti
3.Həmin laboratoriyada müraciət edən vətəndaşlara xidmət etdikdən sonra qəbzlər verilirmi və bunun qeydiyyatı aparılırmı?
cavab: Rəsmi yazılı cavab almağın qaydası rəsmi yazılı məktubla müraciət etməkdir. Müraciət edin və cavab alın.
|